...

Xəzərin səviyyəsi ilə bağlı proqnozlar ağlabatan deyil - Coğrafiya İnstitutu

Gündəm Materials 28 Yanvar 2021 14:30 (UTC +04:00)
Xəzərin səviyyəsi ilə bağlı proqnozlar ağlabatan deyil - Coğrafiya İnstitutu

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin səviyyəsinin bir neçə onilliklərdən sonra kəskin şəkildə aşağı enəcəyi, Bakının hətta əsrin sonunadək artıq liman şəhəri olmayacağı haqda yayılan fikirlərə münasibət bildirib.

Trend-in məlumatına görə, İnstitutun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib ki, Xəzər dənizi dünyanın ən iri qapalı su hövzəsidir. Dünya okeanı ilə birbaşa əlaqəsi olmadığı üçün, onun səviyyəsi daim tərəddüdlərə məruz qalır. Bu tərəddüdlər qısa müddətli və uzun müddətli ola bilir. Qısa müddətli səviyyə dəyişmələrinə qabarma və çəkilmə hadisələri səbəb ola bilər ki, bu da ayın qravitasiya sahəsi ilə əlaqədardır. Bundan başqa bir neçə gün ərzində eyni istiqamətdən əsən aramsız güclü küləklər də dənizin bir hissəsində səviyyənin qalxmasına, əks tərəfdə isə aşağı düşməsinə səbəb ola bilər. Beləliklə, qısamüddətli səviyyə dəyişmələrində dənizin ümumi su kütləsi dəyişmir, müəyyən bir ərazidə səviyyənin artması digər ərazidə azalması ilə müşaiyət olunur. Uzunmüddətli səviyyə tərəddüdləri dənizin su balansının dəyişməsi ilə əlaqədardır ki, bu da ümumi su kütləsinin artıb-azalması ilə müşaiyət olunur:

"Son minillikdə Xəzərin ən aşağı səviyyəsi X əsrə təsadüf edir (okean səviyyəsində 35 m aşağı). Ən yuxarı səviyyə isə XIV və XVIII əsrlərdə qeydə alınmışdır (okean səviyyəsindən 22 m aşağı). Sonrakı yüzilliklərdə dənizin səviyyəsi ümumən artmağa doğru getsə də əsrlik səviyyə tərəddüdlərinin amplitudu 2-4 m diapazonunda dəyişmişdir. Beləliklə, bütün əsrlərdə Xəzər dənizi səviyyəsinin enmə və qalxma dövrləri mövcud olmuşdur. Daha doğrusu, Xəzərin səviyyəsi özünəməxsus uzunmüddətli dəyişmə perioduna malikdir".

S.Səfərov bildirib ki, Xəzərin səviyyə dəyişmələrindəki bu periodiklik çox güman ki, onun təbii tənzimləmə xüsusiyyəti ilə əlaqədardır. Yəni səviyyə qalxanda dənizin sahəsi də artdığından onun səthindən buxarlanma da artır ki, bu da müəyyən dövrdən sonra səviyyənin tədricən aşağı düşməsinə səbəb olur. Səviyyə nəzərəçarpacaq dərəcədə aşağı düşdükdə isə dənizin sahəsi azaldığından buxarlanma da azalır ki, bu da son nəticədə səviyyənin qalxmasına gətirir.

Mütəxəssis əlavə edib ki, 20-ci əsrdə dənizin səviyyə dəyişmələri 2 dəfə kəskin xarakter almişdır. 1930-cu ildən 1977-ci illərə qədər olan müddətdə Xəzərin səviyyəsi 3 metr aşağı düşərək, son 400 ilin mütləq minimumuna (-29 m) çatsa da, 1977-ci ildən başlayaraq kəskin qalxmağa başlamış və 1995-ci ilə qədər bu artım 2,5 m təşkil etmişdir. Sonrakı dövrdə dənizin səviyyəsi kəskin tərəddüdlərə məruz qalmasa da, hər halda, nəzərəçarpacaq dərəcədə azalmağa doğru gedir:

"Kəskin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin iqtisadiyyatına və ekologiyasına ciddi təsir göstərdiyindən onların uzun müddət üçün qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyədək bu problem özünün lazımi həllini tapa bilməmişdir. Bununla belə, son illərdə, xüsusilə də bir çox qərb ölkələrində, Xəzərin səviyyəsinin bundan sonra daha da kəskin enəcəyi barədə bədbin proqnozlar verilməkdədir.

2017-ci ildə Amerikanın nüfuzlu Geophysical Research Letters jurnalında dərc olunmuş məqalədə yaxın 75 il ərzində Xəzərin səviyyəsininnin 5-6 metr enəcəyi və Şimali Xəzərin tamamilə quruyacağı proqnozlaşdırılır. Lakin bu yaxınlarda alman və holland alimlərinin Nature Communications Earth & Environment jurnalında dərc olunmuş məqalədə verdikləri proqnoz isə daha qorxuludur. Belə ki, onlar müxtəlif ssenarilərə əsasən əsrin sonunadək Xəzərin səviyyəsinin 9-18 metr aşağı düşəcəyini proqnozlaşdırırlar. Əgər bu proqnozlar özünü doğruldarsa, Xəzər regionunun ekoloji, iqtisadi və siyasi stabilliyində böyük problemlər yarana bilər. Amerika və Avropa alimlərinin verdiyi proqnozlar nə dərəcədə inandırıcıdır? Əvvəla qeyd edək ki, qısamüddətli proqnozlardan fərqli olaraq, uzunmüddətli proqnozların özünüdoğrultma faizi çox aşağıdır. Bu həm meteoroloji, həm də onlara əsaslanan hidroloji proqnozlara aiddir. Qeyd edilən proqnoz modellərində dənizin hazırki illik səviyyə dəyişmələri, dəniz suyu temperaturunun artması nəticəsində buxarlanmanın intensivləşməsi, yağıntıların və çay axımlarının azalması tendensiyası əsas götürülür. Lakin Xəzərin səviyyə dəyişmələrinin yuxarıda qeyd edilən uzunmüddətli və böyük amplitudlu periodikliyini nəzərə alsaq, yaxın gələcəkdə vəziyyətin tam əksinə dəyişəyini ehtimal edə bilərik".

Alim deyib ki, keçən əsrin 70-ci illərində Xəzər dənizi səviyyəsinin kəskin aşağı düşməkdə davam etməsi və alimlər tərəfindən verilən bədbin proqnozlar səbəbindən keçmiş Sovetlər İttifaqında şimala axan Şimali Dvina və Peçora çaylarının istiqamətini dəyişməklə Volqa çayı vasitəsilə Xəzər dənizinə yönəldilməsi layihələri işlənilirdi. Lakin 1977-ci ildən dəniz səviyyəsinin kəskin qalxmağa başlaması ilə bu layihələr öz aktuallığını itirdi. Təsəvvür edin ki, əgər qeyd edilən layihələr həyata keçirilsəydi, onda 1995-ci ilə qədərki səviyyə artımı 2,5 m-dən xeyli artıq olardı ki, bu da daha arzuolunmaz nəticələrə gətirib çixarardı:

"Söz yox ki, qlobal istiləşmə, onunla əlaqədar müasir iqlim dəyişmələri və çay axımlarına antropogen müdaxilələr (təsərrüfat məqsədləri ilə əlaqədar) Xəzərin səviyyəsinə mənfi təsir göstərir. Lakin bu təsirlər dənizin səviyyəsinin yüzilliklərdən bəri müşahidə olunan periodik dəyişmə xarakterini kəskin şəkildə dəyişə bilməz.

Xəzər dənizində səviyyə dəyişmələri indiyədək həmişə mövcud olub və bundan sonra da olacaq, lakin səviyyəsinin əsrin sonunadək monoton azalmaqla 9-18 m aşağı düşməsi haqqında verilən proqnozlar ağlabatan deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti