...

Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edib

Gündəm Materials 1 İyun 2021 11:21 (UTC +04:00)

Bakı. Trend:

Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir.

Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər:

– mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır;

– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;

– yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində olmamalıdır;

– təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri olmamalıdır;

– təsisçisi dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmamalıdır.

– redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.

Müsabiqəyə təqdim edilir:

Müsabiqədə iştirak etmək üçün müraciət etmiş qəzet redaksiyaları Müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrələrini Qaydalara uyğun olaraq Agentliyə təqdim edirlər.

Tələb olunan digər sənədlər:

– qəzetin baş redaktorunun ərizəsi;

– qəzetin mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin surəti;

– vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

– qəzet redaksiyasının nizamnaməsinin surəti;

– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunmasını təsdiq edən arayış;

– mətbəə tərəfindən verilən və qəzetin dövriliyini təsdiq edən arayış;

– qəzetin birdəfəlik tirajını təsdiq edən elektron qaimələr (mətbəə qaimələri);

– qəzetin tiraj bölgüsünə dair məlumatı əks etdirən təsdiqlənmiş sənəd;

– qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışlar və elektron qaimələr;

– qəzetin bank rekvizitlərini əks etdirən sənəd;

– qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti);

– qəzetin müvafiq qəzet nömrələri (təqdim olunan hər bir nömrə 4 nüsxədə).

Müsabiqənin elanından əvvəlki yarımildə maliyyə yardımı göstərilmiş qəzet redaksiyalarından tələb olunan sənədlər:

– qəzetin baş redaktorunun ərizəsi;

– qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti);

– qəzetin müvafiq qəzet nömrələri (təqdim olunan hər bir nömrə 4 nüsxədə).

Müsabiqəyə müraciət forması:

Müsabiqəyə müraciət nəzərdə tutulmuş sənədlərin kağız daşıyıcıda Agentliyə təqdim olunması və ya “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.

Qiymətləndirmə

Qəzet nömrələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

Maliyyə yardımının göstərilməsi:

– Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir;

– Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir;

– Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5000 (beş min) manat məbləğində vəsait ayrılır;

– Müsabiqədə qalib elan olunan qəzet redaksiyaları Agentlik tərəfindən maliyyələşdirilən hər nömrədə (həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlər həftədə bir dəfə, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlər isə həftədə beş dəfə olmaqla) Qaydalarda göstərilən sahələrdən hər hansı biri üzrə ən azı 500 (beş yüz) sözdən ibarət məqalənin dərc olunmasını təmin edirlər.

Maliyyə yardımından istifadə:

Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.

Maliyyə yardımına əlavə:

Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur;

Müraciətlərin qəbulu 01 iyun 2021-ci il tarixindən 11 iyun 2021-ci il saat 18:00-dək həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti