...

Xəzərin sahilini zəbt edən 14 hüquqi və 80 fiziki şəxs barəsində protokol tərtib edilib

Gündəm Materials 15 İyul 2021 14:35 (UTC +04:00)
Xəzərin sahilini zəbt edən 14 hüquqi və 80 fiziki şəxs barəsində protokol tərtib edilib

Bakı. Çingiz Səfərli - Trend:

İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulması) nəzərdə tutulan inzibati xəta halı ilə bağlı 14 hüquqi və 80 fiziki şəxs barəsində inzibati protokollar tərtib edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, hüquqi şəxslər barəsində inzibati işlər qanunvericiliyə uyğun olaraq qərar qəbul edilməsi üçün aidiyyəti məhkəmələrə göndərilib, eləcə də mühafizə zolağında inşa edilmiş tikililərin sökülməsi ilə bağlı 39 hal üzrə məhkəmədə iddia qaldırılıb.

Qeyd edilib ki, xidmət tərəfindən torpaqların zəbtolunmasının, təyinatından kənar qanunsuz istifadəsinin müəyyən edilməsi məqsədilə keçirilmiş monitorinqlərdə aşkar olunmuş hallarla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına məlumat verilir. Tikilinin qanunauyğun olub-olmamasına nəzarət Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aiddir.

Məlumat üçün bildirək ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2.1-ci bəndinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər və istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər.

İctimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti