...

Binəqədidə qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb (FOTO)

Gündəm Materials 2 Dekabr 2021 11:12 (UTC +04:00)
Binəqədidə qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Binəqədidə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkarlanıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Məlumata görə, agentlik əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı 33 ünvanında fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.

Reydlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkar edilib. Belə ki, baytarlıq nəzarəti həyata keçirilmədən heyvan kəsiminin həyata keçirildiyi və ət məhsullarının satışa çıxarıldığı məlum olub.

Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti