...

AZAL İstanbulda turizm agentlikləri üçün təqdimat keçirib (FOTO)

Gündəm Materials 16 Mart 2022 16:45 (UTC +04:00)
AZAL İstanbulda turizm agentlikləri üçün təqdimat keçirib (FOTO)

Bakı. Trend:

Bu gün, martın 16-da, İstanbulda Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) və Türkiyənin turizm agentlikləri arasında yeni imkanların və əməkdaşlığın inkişaf perspektivlərinin təqdimatı keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, tədbir zamanı Türkiyədə satışların həyata keçirilməsi məsələlərinin müzakirəsinə xüsusi diqqət yetirilib, həmçinin görüşdə COVID-19 pandemiyası dövründə reyslərin yerinə yetirilməsi ilə bağlı vəzifələr müzakirə olunub.

Tədbir turizm sahəsində aviaşirkətlərlə iş üzrə dünyanın aparıcı şirkəti olan "Aviareps Turkey" tərəfindən təşkil edilib.

Görüşdə “Azərbaycan Hava Yolları”nın İstehsalat və Marketinq İdarəsinin rəisi Fuad Yusifov açılış nitqi ilə çıxış edərək, Azərbaycan ilə Türkiyə arasında beynəlxalq münasibətlərin təkcə qardaşlıq deyil, həm də strateji əhəmiyyətli xarakter daşıdığını vurğulayıb.

Turizm üzrə mütəxəssis Arzu Quliyeva ölkənin turizm potensialı haqqında təqdimatla çıxış edib və onun geniş turizm perspektivlərini qeyd edib.

Tədbir çərçivəsində AZAL aviaşirkətinin Asiya və Yaxın Şərq regionu üzrə marşrut şəbəkəsinin meneceri Elvin Raziyev təqdimatla çıxış edib. O qeyd edib ki, Türkiyə Azərbaycanla reyslərin yerinə yetirilməsinin sayına görə aparıcı ölkədir.

İstanbul AZAL QSC-nin marşrut şəbəkəsində ən çox uçuşlar həyata keçirilən şəhərdir. Reyslər həm "Azərbaycan Hava Yolları" tərəfindən İstanbulun yeni hava limanına, həm də aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən Sabiha Gökçen hava limanına həyata keçirilir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə vətəndaşları yalnız biometrik şəxsiyyət vəsiqələrindən istifadə etməklə iki ölkə arasında asanlıqla səyahət edə bilərlər. Səyahətin rahatlığı ölkələrimiz arasında sərnişin axınının artırılması üçün əlavə stimuldur.

Hər il Azərbaycandan və Türkiyədən minlərlə turist iki ölkə arasında səyahət edir və bu rəqəm pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqca tədricən artmaqda davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti