Bakı. Trend:
"UMID BABEK OPERATING COMPANY" əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, dənizin keçmiş SSRİ dövründə tral gəmilər birləşmələrinin poliqonu kimi istifadə edilən akvatoriyasına cəlb olunan Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı aşkarlanmış obyektlərin keçmiş SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılmış 6 ədəd böyük gəmi minası (КБ-1) olması müəyyən edilib.
Aşkarlanmış minaların cari il mayın 9-dan etibarən hava
şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə
digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi
və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb.
Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi
sürücülüyü üçün müvəqqəti bağlanılıb. Xəzər dənizinin Azərbaycan
sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir.