Bakı. Trend:
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində yeni cinayət işi başlanıb.
Trend-in məlumatına görə, partiya sədri Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə təqsirləndirilir.
İttihama görə, Əli Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyüb, ona xəsarət yetirib.
Sözügedən cinayət işi üzrə istintaq Sabunçu rayon Polis İdarəsində aparılır.
Xatırladaq ki, 2022-ci ilin yanvarından iyun ayına qədər Əli
Əliyevə üç dəfə hökm oxunub. VİP sədri birinci dəfə yanvarın 13-də
Yasamal rayon Məhkəməsinin hökmü ilə məhkum edilib. Ona Dövlət
Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in
147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib. Bir müddət sonra
DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Əli
Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da
birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası
saxlanılıb.
Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd
Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu
iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib.
Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia
qaldırıb.
Bu il iyunun 23-də isə cəzası daha 6 ay uzadılıb. Bu dəfəki hökm Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.