Bakı. Trend:
Oktyabrın 8-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində olub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müdafiə nazirinin birinci müavini əvvəlcə burada Ulu Öndər Heydər Əliyevin büstü və şəhid xüsusi təyinatlıların xatirə abidəsinin önünə gül dəstəsi qoyub.
Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş Qərargah rəisi XTQ-nin şəxsi heyəti ilə görüşərək müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdırıb.
General-polkovnik K.Vəliyev Ermənistan silahlı qüvvələrinin
genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı Azərbaycan
Ordusunun bölmələri, o cümlədən xüsusi təyinatlıları tərəfindən
görülən cavab tədbirlərinin Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən
yüksək qiymətləndirildiyini qeyd edib. O, xüsusilə vurğulayıb ki,
dövlət başçısının etimadını bundan sonra da doğrultmaq və bu
baxımdan üzərimizə düşən məsuliyyəti dərindən dərk etmək hər
birimizin borcudur.
Baş Qərargah rəisi xüsusi təyinatlıların taktiki-xüsusi
hazırlığının və peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə
saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin intensivliyinin
daha da artırılması, həmçinin əldə edilən döyüş təcrübəsinin
keçiriləcək təlimlərdə geniş tətbiq edilməsi ilə bağlı komandanlıq
qarşısında müvafiq tapşırıqlar qoyub.