Şuşa: Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası artıq ikinci gündür ki, davam edir.
Trend-in Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, aksiyada iştirak edən könüllülər "Azərbaycan könüllüləri ekoloji terrora yox deyir" şüarını səsləndiriblər.
Bundan əlavə olaraq, aksiya iştirakçıları Rusiya sülhməramlılarının komandanı Volkovun əraziyə gəlməsini tələb edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.