Şuşa. Trend:
Biz Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyətə göz yuma bilmərik.
Bunu Trend-in Şuşaya ezam olunmuş müxbirinə Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçılarından biri - “EkoSfera” Sosial-ekoloji Mərkəzinin əməkdaşı Jalə İsmayılova deyib.
"Artıq üçüncü gündür ki, etiraz aksiyası keçiririk. Məqsəd və tələblərimiz eynidir. Ölkəmizin təbii sərvətlərindən qeyri-qanuni istifadə dayandırılmalı və ekoloji terrora son qoyulmalıdır", - deyə J.İsmayılova bildirib.
J.İsmayılova vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə qəsdən əkin sahələri yandırılıb, qiymətli ağac növləri kəsilib. İndiyədək Ermənistanın mis-molibden zavodlarının tullantıları Oxçuçay çayına axıdılır.
"Biz bütün bunlara göz yuma bilmərik və buna görə də məqsədimizə çatana qədər sonadək burada dayanacağıq", - deyə o yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.