Bakı. Trend:
Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) Türkiyənin zəlzələ bölgələrindəki axtarış-xilasetmə işləri davam edir.
TurkicWorld-ə verilən məlumata görə, MÜSİAD-ın Hatay, Kahramanmaraş və Malatyada xilasetmə işləri ilə bağlı araşdırmalar aparan MÜSİAD sədri Mahmud Asmalı, hadisə bölgəsində işlərin fasiləsiz davam etdiyini bildirib.
"Şəhərlərimizi və sosial həyatımızı yenidən qurmaq üçün əlimizdən gələni edəcəyik", - deyə Asmalı vurğulayıb.
O, MÜSİAD könüllülərinin təbii fəlakət bölgəsində səyyar mətbəxlə zəlzələdən zərər çəkmiş insanlara isti yeməklər təqdim etdiyini və gündəlik 5000 nəfərə yemək verəcək MÜSİAD aş evinin də istifadəyə verildiyini qeyd edib.
Kahramanmaraş Elbistanda qurulacaq MÜSİAD Konteyner Şəhər sahəsi haqqında da məlumat verən Asmalı, zəlzələdən zərər çəkən vətəndaşların təcili sığınacaq ehtiyaclarını qarşılayacaq layihənin tikintisinə sürətlə başladıqlarını da əlavə edib və MÜSİAD-ın bütün işlərini AFAD-ın koordinasiyasında davam etdirdiyini bildirib.
MÜSİAD-dan verilən açıqlamaya görə, MÜSİAD Karlsrue və MÜSİAD Paris üzvlərinin dəstəyi ilə Hatayda qurulacaq sahə xəstəxanası üçün işlər davam edir.