...

Azərbaycan könüllüləri Türkiyədə zəlzələ bölgəsində fəaliyyətini davam etdirir (FOTO)

Gündəm Materials 17 Fevral 2023 10:00 (UTC +04:00)
Azərbaycan könüllüləri Türkiyədə zəlzələ bölgəsində fəaliyyətini davam etdirir (FOTO)

Bakı. Trend:

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş dağıdıcı zəlzələnin ilk saatlarından Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dəstək nümayiş etdirir. Ötən həftədən etibarən Azərbaycan gəncləri də təbii fəlakətin baş verdiyi ərazilərə yollanaraq, zərərçəkənlərə müxtəlif xidmətlərin göstərilməsi məqsədilə könüllü şəkildə qardaşlıq borcunu yerinə yetirirlər.

Azərbaycan Gənclər Fondundan Trend-ə bildirilib ki, ötən gün ərzində könüllülərimiz ənənəvi olaraq müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi və paylanmasını həyata keçiriblər. Eyni zamanda, azərbaycanlı gənclər zərərçəkmiş şəxslərə səyyar şəkildə isti içkilər təqdim edib, müxtəlif məhəllələrdə səyyar yardım paylanılmasında, eləcədə iki kəndə səyyar yardım daşınmasında fəal iştirak ediblər.

Bununla yanaşı, zəlzələdən zərər çəkmiş uşaqların asudə vaxtının səmərəli təşkili məqsəd ilə uşaqlar üçün nəzərdə tutulmuş iki çadırda könüllülərimiz xidmət göstərib. Əlavə olaraq, Kahramanmaraşın Sütçü İmam Universitetinin ərazisində yaradılmış çadır şəhərcikdə də yerli əhaliyə çay paylanılıb və iki çadırdan ibarət uşaq bağçası qurularaq istifadəyə verilib.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Kayseri millət vəkili İsmail Emrah Karayelin başçılıq etdiyi nümayəndə heyəti könüllülərimizin Kahramanmaraşdakı düşərgəsinə baş çəkib, Azərbaycan könüllülərinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti