Bakı. Trend:
İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb. Bunun qarşısını almaq üçün dini komitə kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş aparıb.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “Din və qlobal təhlükəsizlik” adlı konfrans çərçivəsində jurnalistlərə deyib.
M.Qurbanlı qeyd edib ki, məscidlərə təyinat səlahiyyəti komitəyə keçəndən sonra ölkəmizdə təhsil almış, dövlətimizin maraqlarını ifadə etməyə qadir olan 120-yə yaxın şəxs təyinat alıb, 118 din xadimi isə işindən uzaqlaşdırılıb.
Onun sözlərinə görə, uzaqlaşdırılanlar içərisində həm işində nöqsanlara yol verənlər, həm də dini təhsili olmayanlar var.
“İran rejimi dini ideologiya və siyasət adı altında təlqin etməyə çalışır, Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Bunun qarşısını almaq üçün geniş işlər görülüb və görülməkdədir", - deyə M.Qurbanlı əlavə edib.