...

Fransanın Ermənistanı silahlandırması yeni müharibə planlarının tərkib hissəsidir - Vüqar Rəhimzadə

Gündəm Materials 29 Fevral 2024 12:32 (UTC +04:00)
Fransanın Ermənistanı silahlandırması yeni müharibə planlarının tərkib hissəsidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycanın atdığı hər bir addım ədalətin və beynəlxalq hüququn əsas olduğunun təqdimatıdır. Tarixi Zəfərimizdən dərhal sonra ölkəmiz regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh sazişini imzalamağı təklif etdi. Baxmayaraq ki, həmin vaxtdan xeyli müddət keçib, Ermənistan hələ də havadarlarının dəstəyinə söykənərək müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanması prosesini uzadır. Hazırda Ermənistanda yaşanan duruma, həmçinin baş nazir Nikol Paşinyanın Fransaya səfərindən, daha dəqiq desək bu ölkənin Prezidenti Emmanuel Makron ilə görüşündən sonra səsləndirdiyi bəyanatlara diqqət yetirəndə işğalçı dövlətin sülh sazişini imzalamaqdan yayınmasının səbəblərini görmək mümkündür. Makronla Paşinyanın görüşündən sonra Fransanın müdafiə naziri Sebastyan Lekornunun Ermənistana səfəri də bu dövlətin yürütdüyü siyasətə və onun arxasında gizlənən maraqlara “işıq saldı”. Ermənistan və Fransanın hərbi əməkdaşlıq barədə sənədlər paketi imzalamaları fonunda artıq geniş şərhə ehtiyac görmürük. Bu iki ölkəni eyni dəyərlərin birləşdirdiyini nəzərə alsaq, qeyd etdiyimiz səfərlər çərçivəsində gedən müzakirələrdə ədalət və beynəlxalq hüquq nöqteyi-nəzərindən hansısa konstruktiv addımın atılması barədə fikir mübadiləsinin aparılmasını düşünmək sadəlövhlük olar. Eyni zamanda, hazırda Ermənistanla Rusiya arasında münasibətlərdə nəzərə çarpan gərginlik bu ssenarinin müəlliflərinin kimlər olduğunu açıq şəkildə nümayiş etdirir. Reallıq budur ki, Qərb Ermənistanı ölkəmizə qarşı müharibəyə hazırlayır. Müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silahlandırılmasıdır. Hazırda Fransa bu missiyanı öz üzərinə götürüb. Ermənistana Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahların verilməsi bunun bir daha təsdiqidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Ermənistan tərəfinin Azərbaycanın guya bu ölkənin ərazilərinə iddialı olması kimi sərsəm fikirlərinə münasibət bildirən V.Rəhimzadə qeyd edib ki, Azərbaycan hər zaman sülhün tərəfdarıdır. Heç bir dövlətin ərazisində gözü yoxdur. 30 il torpaqlarımızı işğal altında saxlayan, Azərbaycan xalqının izlərini silmək üçün bu əraziləri tamamilə dağıdıb yerlə-yeksan edən, tarixi saxtalaşdırmaqla zəbt etdiyi torpaqları öz ərazisi kimi təqdim etməyə çalışan Ermənistandır. Ermənilər tarixən qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürüb. “Böyük Ermənistan” xülyası azərbaycanlılara və türklərə qarşı zaman-zaman soyqırımı və deportasiya siyasətinin həyata keçirilməsi ilə müşayiət olunub. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlığın hansı problemlərə yol açdığı məlumdur. Belə ki, o illərdə yenicə müstəqillik qazanan ölkələrlə münasibətinə yenidən baxan və onlara maliyyə dəstəyi göstərməyə hazırlaşan ABŞ hökuməti ermənilərin, erməni diasporu və lobbisinin apardıqları əsassız, ədalətə və beynəlxalq hüquqa sığmayan təbliğata uyğun olaraq Ermənistanı “işğala məruz qalan”, Azərbaycanı isə “işğalçı” dövlət kimi qəbul edərək ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi tətbiq etdi.

Vurğulanıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra başlanan yol Azərbaycan həqiqətlərinin təbliğində, erməni yalanlarının ifşasında öz sözünü dedi və bu gün də deməkdədir. Bu gün qalib Azərbaycan diktə edən tərəfdir. Ölkəmizin şanlı Qələbəmizin ilk günündən Ermənistana ünvanlandığı sülh təklifi bir çox məqamlara aydınlıq gətirir. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması prioritetlər sırasındadır. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Ermənistan bu reallığın fərqindədir ki, Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməyib. Çünki Ermənistanda qəbul olunmuş bir çox sənədlərdə Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapır. Həmin qanunvericilik aktlarının hələ də qüvvədə olması sülh müqaviləsinin bağlanması istiqamətində əsas maneələrdən sayıla bilər. Bu sənədlərin mövcudluğu, eyni zamanda, Ermənistanın sülh müqaviləsinin imzalanmasına maraq göstərməməsinin təsdiqidir. Digər tərəfdən isə Ermənistanın hazırda Fransanın maraqlarının müdafiəçisinə çevrilməsi artıq vəziyyətin daha da gərginləşməsini şərtləndirir.

Bildirilib ki, Qərbdə və Ermənistanda “Azərbaycanın hücuma hazırlaşması” təbliğatı da hazırlanan ssenarinin əsas tərkib hissəsidir. Tarixi Zəfərimizdən sonra Prezident İlham Əliyevin çıxışlarında bu mühüm çağırış daim xüsusi yer tutur ki, əgər Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, unutmasınlar ki, “Dəmir yumruq” yerindədir. Səsləndirilən çağırışlar sırasında bu məqam da qeyd edilir ki, Azərbaycan Ordusu hər bir təxribatın qarşısını qətiyyətlə almağa qadirdir. Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq hərbi təxribatlar törətməsinin qarşısının alınmasının Azərbaycan tərəfinin hücumu kimi dəyərləndirilməsi Ermənistanın və ona havadarlıq edənlərin yeni müharibə planlarının tərkib hissəsidir. İşğalçı dövlətin bu sərsəm təbliğatının fonunda Azərbaycan Ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulması və hərbçimizin yaralanması, şərti sərhəddə atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatlara əl atılması bir daha məqsədin vəziyyəti gərginləşdirmək və Azərbaycanı günahlandırmaq olduğunu təsdiqlədi.

“Dövlətimizin başçısı andiçmə mərasimindəki çıxışında “Nəhayət Azərbaycan-Ermənistan münasibətləri. Mən çıxışımın sonunda bu məsələyə təsadüfən toxunmuram” fikirlərinin davamı olaraq qeyd etdi ki, bu məsələnin əhəmiyyəti süni şəkildə şişirdilir. Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək, öz səylərini göstərmək, deməli, yorğanı öz tərəflərinə çəkmək, vasitəçi olmaq istəyirlər. Ölkə Prezidenti vasitəçi olmağı şərtləndirən amillərə bir daha diqqəti yönəldərək “Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək” çağırışı ilə Ermənistana, həmçinin regionda vəziyyəti daha da gərginləşdirmək yolunu tutan bəzi Qərb ölkələrinə ciddi mesajlarını çatdırdı. Prezident daim bildirir ki, qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə həmişə hazır olmalıyıq”, - deyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Fransanın məqsədi Cənubi Qafqazda sabitliyin bərqərar olması yox, məhz Ermənistan vasitəsilə regionda möhkəmlənmək və maraqlarının təminatına nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti