Bakı. Trend:
Böyük Britaniya, Almaniya, ABŞ, İtaliya və Fransa hesab edir ki, İran hakimiyyəti İsraili hücumla hədələməyə son qoymalıdır.
Trend-in məlumatına görə, bu ölkələrin liderləri arasında telefon danışıqlarından sonra Ağ Ev tərəfindən yayımlanan birgə bəyanatda bildirilib.
"Biz İsrailin İranın təcavüzündən və İranın dəstəklədiyi terror qruplarının hücumlarından müdafiəsinə dəstəyimizi ifadə etdik. Biz İranı İsrailə qarşı hərbi hücum hədələrini dayandırmağa çağırdıq və belə bir hücumun regional təhlükəsizlik üçün ciddi nəticələrini müzakirə etdik", - deyə sənəddə qeyd olunub.
Tərəflər həmçinin Qəzza zolağında gərginliyin azaldılması və Fələstinin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi səylərini dəstəkləyiblər.