Bakı. Trend:
2025-ci ilin yanvarın 24-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.
Trend xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, iclası giriş sözü ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, bugünkü Plenum Ali Məhkəmənin bir illik fəaliyyətinə həsr olunub.
Geridə qoyduğumuz ilin dövlətimiz və xalqımız üçün kifayət qədər uğurlu olduğunu diqqətə çatdıran sədr qeyd edib ki, 2024-cü ildə ölkəmizdə mühüm siyasi hadisə - növbədənkənar Prezident seçkiləri keçirilib. Ədalətli, şəffaf, azad şəraitdə keçirilmiş seçkilərdə xalqımız böyük vətəndaş həmrəyliyi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi yenidən ölkə Prezidenti seçib. Bildirilib ki, ötən il ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa quruculuğu işlərinin aparılması, 10 mindən artıq soydaşımızın öz torpaqlarına qayıtması və ölkəmizdə uğurla keçirilən COP29 kimi mötəbər beynəlxalq tədbirdə əldə olunan böyük nailiyyətlər kimi hadisələrlə yadda qalıb. Dünyada baş verən mürəkkəb hadisələrə, böhranlara baxmayaraq ölkəmizdə dayanıqlı inkişaf, sabitlik və təhlükəsizliyin təmin olunduğu vurğulanıb.
İclasda ötən ilin məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və səmərəli olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb.
Ali Məhkəmənin icraatında olan işlərə də toxunularaq diqqətə çatdırılıb ki, hesabat dövründə Ali Məhkəmə tərəfindən həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması və hüququn inkişafının təmin edilməsi, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin təmin edilməsi məqsədilə 68 yeni 3 ulduzlu qərar, Kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2 qərardadı qəbul edilib, bir sıra Plenum qərarlarına önəmli dəyişikliklər olunub.
Qeyd edilib ki, Ali Məhkəmənin icraatında 2024-cü ildə 2023-cü ilə nisbətən 309 iş, yəni 2,2 faiz daha çox iş olub. Kollegiyalar üzrə isə statistika fərqlidir. Belə ki, Mülki kollegiyada 12,5 faiz azalma olsa da, Cinayət kollegiyasında 8,8 faiz, İnzibati kollegiyada 18,2 faiz, Kommersiya kollegiyasında 3,9 faiz artım var.
İcraatda olmuş işlərin sayı ilə yanaşı, yekunlaşdırılan işlərin sayı 3,5 faiz artıb. Növbəti ilə qalıq keçən işlərin sayı isə 2,6 faiz azalıb.
İclasda məhkəmə-hüquq sistemində islahatlar və yeniliklərin bundan sonra da davam edəcəyi xüsusi vurğulanıb. Qeyd edilib ki, hazırda məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, bununla da vətəndaş məmnunluğunun artırılması xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra Ali Məhkəmənin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib.
Bildirilib ki, Mülki kollegiya üzrə 2024-cü ildə Ali Məhkəməyə, həmçinin əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında 2023-cü illə müqayisədə ciddi azalma müşahidə olunur. Belə ki, mülki işlər üzrə ümumilikdə respublika məhkəmələrinə 215 min 338 iş daxil olub ki, bu da ötən dövrlə müqayisədə 2,7 faiz, apelyasiya şikayəti verilən işlərin sayı 22,4 faiz, kassasiya şikayəti verilən işlərin sayı isə 13,1 faiz azalıb. Yekunlaşmış işlərin sayı da yüksəkdir və bu, 89 faiz təşkil edir. Eyni zamanda təkrar baxılan və növbəti ilə qalıq keçən işlərin sayında da azalma müşahidə edilir. Birinci və apelyasiya instansiya məhkəmələrinin qərarlarının sabitlik göstəricisinin kifayət qədər yüksək olduğu qeyd edilib. Bu halların təcrübənin vahidliyinin təmin olunması, müxtəlif instansiya məhkəmələrinin hakimləri arasında qurulmuş səmərəli dialoqun, habelə hakimlərin peşəkarlıq səviyyəsinin artmasından irəli gəldiyi vurğulanıb.
Qeyd edilib ki, 2024-cü il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3688 işdən 70,8 faizinə mahiyyəti üzrə baxılıb. Baxılmış 2611 işdən 84,2 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 6,9 faiz iş üzrə qərar ləğv edilib, 8,9% iş üzrə qərar isə dəyişdirilib.
2024-cü ilin hesabat dövründə İnzibati kollegiyanın icraatında olmuş 4438 işdən 76,7 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərdən 88 faiz işə mahiyyəti üzrə baxılıb, 8,8 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 2,9 faiz iş üzrə kassasiya icraatına xitam verilib. Baxılmış 2997 işdən 52,9 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 28,9 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 17 faiz qərar ləğv edilib, 0,4 faiz iş üzrə icraata xitam verilib, 0,8 faiz qərar dəyişdirilib.
2024-cü ildə Kommersiya kollegiyasının icraatında 832 iş olub, onlardan 95,6 faiz iş kommersiya mübahisələri üzrə, 4,4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 795 işdən 68,2 faiz işə mahiyyət üzrə baxılıb. Baxılmış işlərdən 82,3 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 17,3 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,4 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib.
Məruzələr ətrafında çıxış edənlər 2024-cü ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd ediblər.
İclasda həmçinin məhkəmə işlərinin qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə baxılması, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması xüsusilə vurğulanıb.
Sonda Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci ilə dair İş Planı təsdiq edilib.