...

İşğal olunmuş torpaqlarının qaytarılması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik etmək lazımdır - Devid Merkel

Gündəm Materials 14 Mart 2025 16:33 (UTC +04:00)
İşğal olunmuş torpaqlarının qaytarılması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik etmək lazımdır - Devid Merkel
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İşğal olunmuş torpaqların Azərbaycana qaytarılması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik etmək lazımdır.

Trend xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin sabiq müavini Devid Merkel deyib.

O, beynəlxalq ictimaiyyətin bunu sülh yolu ilə həyata keçirə bilmədiyini, lakin artıq bu işin görüldüyünü bildirib:

"Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması aparılır. Ona görə də hesab edirəm ki, bu, ölkənin və bütün regionun qeyd edə biləcəyi bir şeydir.

Aydındır ki, Qarabağda məsələ döyüş meydanında həll olunub. Beləliklə, Qarabağda baş verənlər, məncə, çox vacibdir və hesab edirəm ki, orada aparılan yenidənqurma işləri çoxlu dərslər verəcək. Ümid edək ki, digər münaqişələrdə də beynəlxalq ictimaiyyət daha böyük liderlik göstərəcək və problemi döyüş meydanında həll etməyi ölkə xalqının və rəhbərliyinin öhdəsinə buraxmayacaq. Düşünürəm ki, bu, həm də Cənubi Qafqazda münasibətlərin normallaşması daha geniş inteqrasiya imkanı yaradır".

O, burada - Qlobal Bakı Forumunda olmaqdan çox məmnun olduğunu da qeyd edib:

"Bu forumun bir neçəsində olmuşam. Bu, regionda çox mühüm toplantıdır və Prezident ilham Əliyevi bu konfransa liderləri bir araya gətirməkdə göstərdiyi liderliyə görə təbrik etmək lazımdır. Bu forum fərqli baxışları olan insanlar üçün bir fürsətdir. Mühüm məsələlər haqqında danışmaq üçün böyük liderlik təcrübəsi tələb olunur".

"Avropanın böyük dövləti olan Ukraynada sabitliyin bərqərar olunması da gündəlikdə duracaq əsas məsələlərdəndir. Biz istərdik ki, həm Ukraynada, həm də Qəzzada münaqişələr danışıqlar yolu ilə həll olunsun.

Həm də Qəzzada davamlı sülhün əldə olunması çox vacibdir. Ümid edək ki, beynəlxalq ictimaiyyət dünyada mümkün digər münaqişələrdə də daha çox fəallıq göstərəcək və bunun hərbi münaqişəyə çevrilməsinə əngəl olacaq", - deyə Devid Merkel vurğulayıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Xəbər lenti

Xəbər lenti