...

İranın nüvə alimini qətlə yetirən şəxsin məhkəməsi keçirilib

Hadisə Materials 23 Avqust 2011 15:53 (UTC +04:00)
İranın nüvə alimi, Tehran Universitetinin fizika elmləri üzrə professoru Məsud Əliməhəmmədinin qətlində ittiham olunan Məcid Cəmali Fəşi Tehran İnqilab Məhkəməsində mühakimə olunub.
İranın nüvə alimini qətlə yetirən şəxsin məhkəməsi keçirilib

Azərbaycan, Bakı, 23 avqust /Trend/

İranın nüvə alimi, Tehran Universitetinin fizika elmləri üzrə professoru Məsud Əliməhəmmədinin qətlində ittiham olunan Məcid Cəmali Fəşi Tehran İnqilab Məhkəməsində mühakimə olunub. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı İRİB-ə istinadən məlumat verir.

İranın nüvə fizikası üzrə aparıcı mütəxəssislərindən biri Məsud Əliməhəmmədi 2010-cu ilin yanvarında Tehrandakı evinin yaxınlığında partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub. Bomba yaxınlıqda dayanan motosikletdə quraşdırılıb və çox güman ki, uzaq məsafədən idarə olunub. Versiyalardan birinə görə, Əliməhəmmədi Qərbin böyük narahatlığına səbəb olan İranın nüvə proqramında iştirakına görə qətlə yetirilib.

Elə həmin il yanvarın sonlarında İranın təhlükəsizlik naziri Heydər Müslehi nüvə fizikası üzrə alim Məsud Əliməhəmmədinin ölümündə təqsirli bilinən "İsrail casus şəbəkəsi"nin üzvlərinin həbs olunması barədə məlumat verdi.

Məlumatda bildirilirdi ki, 26 yaşlı Məcid Cəmali Fəşi "İsrail casus şəbəkəsi" ilə əməkdaşlıq etməkdə, İsraildə gizli təlimlər keçməklə ölkədə terror aktları təşkil etməkdə və narkotik maddələrin daşınmasında ittiham olunur.

Məlumatda həmçinin qeyd olunurdu ki, Cəmali Fəşi nüvə alimi Əliməhəmmədini qətlə yetirdiyini və bundan əlavə daha 5 terror aktı həyata keçirməli olduğunu etiraf edib.

Məhkəmənin bugünkü iclasında hakim yaxın günlərdə həbs edilmiş şəxslə bağlı məhkəmənin qərarını açıqlayacağını deyib.

Xəbər lenti

Xəbər lenti