Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda bu gün yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, hadisə zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü Ramin Vəliyev (1978-ci il təvəllüdlü), soyadı hələlik məlum olmayan Aysel adlı qadın, Türkiyə vətəndaşları - Bürhan Bərat Çəlik Abdulla (1987) və Əlihan Sarıtürk Şərəf oğlu (1990) həlak olublar.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, yol qəzası bu gün 7:30-da Nəsimi rayonu ərazisində, Rəşid Behbudov küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində baş verib. Hadisə yerində 3 nəfər ölüb, 1 nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 2 nəfər yaralı isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzdən Trend-ə bildirilib ki, xəsarət alanların şəxsiyyətləri hələlik müəyyənləşməyib.
Faktla bağlı araşdırma aparılır.
Bir neçə ay öncə həmin ərazidə daha bir ağır yol qəzası baş vermişdi. Qəzada 1 nəfər həlak olmuşdu.