Azərbaycan, Bakı, 21 noyabr / Trend, müxbir A.Tağıyeva/
Dünən Qəzza sektorunda altı nəfər İsraillə əməkdaşlığa və onun xeyrinə casusluq etdiklərinə görə edam edilib. Trend-in məlumatına görə, bu barədə Fələstinin "Maan" qəzeti xəbər verir.
Məlumata görə, edam heç bir təhqiqat və məhkəmə olmadan həyata keçirilib ki, bu da bir çox Fələstin siyasətçiləri arasında narazılığa səbəb olub. Bəzi deputatlar casusluqda şübhəli bilinənlərin edamını "divan tutma" adlandıraraq hökumətdən baş verənlərin araşdırılmasının tələb ediblər.
Qəzza sektorunda İsrailin hərbi əməliyyatları artıq bir həftədir davam edir və hələlik yalnız məsafədən zərbə endirməklə məhdudlaşır. Lakin İsrail hakimiyyəti münaqişənin başqa yolla nizamlanması vasitəsi tapılmadıqda anklava quru qoşunlarının yeridilməsinə hazır olduğuna dair bəyanatlar verir.
Hərbi əməliyyatlar zamanı 140-dan artıq fələstinli həlak olub, onların əksəriyyəti dinc sakinlərdir.
Çərşənbə axşamı HƏMAS təmsilçisi anklavda atəşkəsin artıq çərşənbə günü gecə qüvvəyə minəcəyini bəyan etsə də, İsrail anklavda raket atəşlərinin və silah qaçaqmalçılığının dayandırılması üçün beynəlxalq zəmanət tələb edir.