...

Bakıda hava limanında gömrükdən yayınmaq istəyən sərnişinin üzərindən brilyant qaşlar aşkar edilib

Hadisə Materials 9 Aprel 2013 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Bakı hava limanında gömrük baxışı zamanı vətəndaşın üzərindən 2,28 karatlıq 2 ədəd brilyant qaş aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Etibar Məhərrəmov gömrük nəzarətindən keçərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşına yaxınlaşıb, səhhəti ilə əlaqədar olaraq gözləmə zalına çıxmaq istədiyini bildirib. Vətəndaşa həkim müayinəsindən keçmək təklif olunub və yalnız baqajlarını qəbul etdikdən sonra gömrük nəzarəti zonasını tərk edə biləcəyi bildirilib.

Lakin Məhərrəmov müayinədən imtina edib və baqajını götürüb gömrük nəzarətindən keçərkən, metalaxtaran detektorun siqnal səsinə əsasən, ona üzərindəki əşyaları gömrük nəzarətinə təqdim etmək təklif olunub. Bu zaman o, pencəyinin cibindən bir bükülünü çıxarıb səbətin içinə qoyub. Həmin bükülüyə baxış keçirilərkən, oradan plastik qabda yerləşdirilmiş 1,05 ct ölçülü 1 ədəd brilyant qaş aşkar edilib. Bundan sonra Məhərrəmovun üzərində şəxsi yoxlama aparılıb və onun pencəyinin cibindən plastik qabda yerləşdirilmiş 1,23 ct ölçülü daha 1 ədəd brilyant qaş aşkar edilib.

Faktla bağlı izahatında Məhərrəmov Dubayda işlədiyini və ondan aşkar edilən qaşların "FlyDubai" aviaşirkətinin əməkdaşı Azad Əmrahova məxsus olduğunu və sonuncunun tapşırığı ilə Bakıya gətirdiyi malı onunla telefon vasitəsilə əlaqə yaradacaq bir şəxsə təhvil verəcəyini bildirib. O, gətirdiyi brilyant qaşları gömrük nəzarətinə təqdim etməməsinin səbəbini isə gömrük ödənişlərindən yayınmaq istəyi ilə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti