Azərbaycan, Bakı, 22 iyul /Trend/
Fövqəladə Hallar Nazirliyi çimərlik mövsümü ilə əlaqədar əhaliyə növbəti dəfə xəbərdarlıq edib.
Trend xəbər verir ki, FHN-in yaydığı məlumatda deyilir: "Son günlər çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərinə valideynlərinin nəzarəti olmadan üz tutan azyaşlıların, yeniyetmələrin sayı artıb. Eyni zamanda, çimərlik mövsümü başlayandan (1 iyun) qadağan olunmuş su hövzələrində, qeyri-çimərlik ərazilərdə suda boğularaq batmış 28 nəfərdən 10-u azyaşlıdır".
Fövqəladə Hallar Nazirliyi vətəndaşların bir daha nəzərinə çatdırır ki, isti yay günlərində uşaqların qeyri-qanuni çimərliklərdə hərəkətlərini məhdudlaşdırsınlar, onların xüsusilə küləkli havada dalğalı suya nəzarətsiz şəkildə daxil olmalarına icazə verməsinlər, Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin tələblərinə sözsüz əməl etsinlər.