Azərbaycan, Bakı, 26 noyabr /Trend/
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev, ev 129A ünvanında fəaliyyət göstərən fiziki şəxs Babayev Bəxtiyar Ramiz oğluna məxsus çil-çıraq mağazasında aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mağazanın giriş hissəsində "2013-də şok 50% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, qiymət kağızlarında malların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı, ümumiyyətlə, mağazada malların qiymətinə endirim tətbiq edilmədiyi müəyyən edilib.
Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.
Bununla əlaqədar, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bəxtiyar Babayev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.