Azərbaycan, Bakı, 2 avqust /Trend/
Sumqayıtda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1960-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 5-ci mərtəbədə yerləşən mənzilə pəncərədən daxil olublar.
Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə halsız vəziyyətdə aşkarlanıb. Vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.