İlk xəbər 10:08-də yayılıb
Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbirlər Elçin Mehdiyev, İlhamə İsabalayeva/
Bakıda 148 saylı sərnişin avtobusu idarəetməni itirərək aşıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, stansiyanın həkimləri 2 nəfər zərərçəkənə yardım göstəriblər, 1 nəfər naməlum kişinin isə hadisə yerində öldüyü müəyyən edilib. Zərərçəkənlər 3 saylı Bakı şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan isə Trend-ə verilən məlumata görə, qəza zamanı xəsarət alan sərnişinlərdən 8 nəfəri həmin xəstəxanaya çatdırılıb, lakin onlardan biri yolda dünyasını dəyişib. Beləliklə, qəza nəticəsində 2 nəfər dünyasını dəyişib.
Zərərçəkənlərdən biri azyaşlı uşaq olub. Zərərçəkənlərin arasında 80 yaşlı qadın da var. Uşaq əməliyyat olunur. Zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda "İsuzu" markalı avtobus idarəetməni itirərək yol kənarındakı dəmir profillərə çırpılıb. Nəticədə, avtobus deformasiyaya uğrayıb, sürücü 1983-cü il təvəllüdlü Kərimov Haqverdi Muxtar oğlu hadisə yerində keçinib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə H.Kərimovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 08:01-də başa çatıb.
Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) cinayət işi açılıb.