...

Bakıda soyuducuda torpağa basdırılmış şəxsin qatili üzə çıxdı

Hadisə Materials 17 Dekabr 2014 17:25 (UTC +04:00)
Bakıda soyuducu qarışıq torpağa basdırılmış 26 yaşlı gəncin qatili polisə könüllü təslim olub.
Bakıda soyuducuda torpağa basdırılmış şəxsin qatili üzə çıxdı

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda soyuducu qarışıq torpağa basdırılmış 26 yaşlı gəncin qatili polisə könüllü təslim olub.

Bakı şəhər Prokurorluğundan Trend-ə bildiriblər ki, dekabrın 16-da saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində həyətyanı sahədə yerə basdırılmış soyuducuda bədəni üzərində zorakılıq əlamətləri olan 1988-ci il təvəllüdlü Seyidov Əli Səfər oğlunun meyiti aşkar edilib.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Dekabrın 17-də əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Səmədov Hafiz Feruz oğlu Sabunçu RPİ-yə könüllü gələrək Ə.Seyidovu öldürməsini etiraf edib və o, şübhəli şəxs qismində tutulub.

İstintaqla müəyyən edilib ki, 10 dekabr 2014-cü il tarixdə H.Səmədov tanışı Ə.Seyidovla Ramana qəsəbəsində kirayədə yaşadığı yeni tikilidə birlikdə narkotik vasitə qəbul edərkən şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı H.Səmədov Ə.Seyidovun baş nahiyəsinə dəmir boru ilə sifət və boyun nahiyyələrinə xəsarət yetirərək qəsdən öldürüb, sonra isə onun başına sellofan torba keçirib boyun və ayaqlarını yapışdırıcı lentlə bağlayıb meyiti evdə olan soyuducunun içərisinə yerləşdirərək, "Qazel" markalı avtomobillə qonşuluqda yeni kirayə tutduğu evin həyətyanı sahəsində basdırıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti