Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə tələb etmədə təqsirləndirilən Ramin Ayvazov və Hüseyn Rəhmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
Prosesdə ifadə verən zərərçəkmiş Teymur Cəlilov bildirib ki, həmin şəxslər ondan pul tələb edib və əl-ayağını bağlayaraq hədə-qorxu gəliblər.
Zərərçəkmişin ifadəsi təqsirləndirilənlənlərin etirazına səbəb olub və prosesdə qarışıqlıq yaranıb.
Penitensiar Xidmətin əməkdaşlarının səyi nəticəsində hadisənin qarşısı alınıb və təqsirləndirilınlər zaldan çıxarılıb.
Məhkəmə prosesi sentyabrın 16-na təyin edilib.
Qeyd edək ki, ötən il dekabrın 16-na keçən gecə Səbail rayonu ərazisində yaşayan Teymur Cəlilovun evindən məişət əşyaları oğurlanıb. Dekabrın 17-də şəxsiyyəti məlum olmayan 2 nəfər Teymur Cəlilovu bıçaqla hədələyiblər və onun mobil telefonunu alıblar. Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Ramin Ayvazov və əvvəllər məhkum olunmuş Hüseyn Rəhmanov tutulublar.