Bakı. Trend:
Dövlət Gömrük Komitəsi Gürcüstanın gömrük orqanları tərəfindən Azərbaycandan Gürcüstana brilyant keçirən şəxslərin saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin şəxslər Azərbaycan vətəndaşları Niyazi Məmmədov, Elxan Hüseynov və Gürcüstan vətəndaşı Namiq Bayramovdur. Azərbaycanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda aparılan yoxlama zamanı Niyazi Məmədovun pul qabından 81, Namiq Bayramovun paltarına tikilmiş yarlıqdan isə 476 ədəd qiymətli daş aşkar edilib. Aparılan ekspertiza nəticəsində o da məlum olub ki, cəmi 21 karat təşkil edən qiymətli daşların birinin təqribi çəkisi 0,007 qramdır, ümumi dəyəri 43 486 lari və ya 17 000 ABŞ dollarına bərabərdir.
Qeyd olunan malın çəkisinə və ümumi dəyərinə nəzər yetirdikdə aşkar edilən faktın ciddi qaçaqmalçılıq faktı kimi təqdim olunması və bu iddiaların fonunda dövlət qurumlarının fəaliyyətinin şübhə altına alınması qəbuledilməzdir.
Belə ki, ilk baxışda aşkar edilən qiymətli daşlar kəmiyyət baxımından çox görünsə də, onun çəkisi və ümumi dəyəri ölkəmizin gömrük orqanlarının indiyə qədər üzə çıxardığı analoji faktlarla müqayisə oluna bilməz. Azərbaycan gömrük orqanları daim qaçaqmalçılığa qarşı ciddi, qətiyyətli mübarizə aparır və ökəmizin gömrük orqanları tərəfindən qızıl, qiymətli daşların qaçaqmalçılığı ilə bağlı onlarla belə fakt aşkar edilib ki, həmin faktlar üzrə qaçaqmalçılıq predmetlərinin gömrük dəyəri bəhs olunan faktla müqayisədə dəfələrlə çoxdur.
Qeyd olunan faktla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən araşdırmalar davam etdirilir.