...

"Sevil Massivi" MTK-nın zərərçəkmişlərə vurduğu ziyanın 10 milyon 500 min manatı ödənilib

Hadisə Materials 22 İyun 2017 13:26 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşları aldadaraq külli miqdarda vəsait mənimsəməkdə təqsirləndirilən “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Sevil Massivi" MTK-nın zərərçəkmişlərə vurduğu ziyanın 10 milyon 500 min manatı ödənilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşları aldadaraq külli miqdarda vəsait mənimsəməkdə təqsirləndirilən “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, Zabit Çələbiyev, Mirnamat Miradiyev, Səbinə Əliyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişlərə vurulan 19 milyon manat ziyandan 10 milyon 500 min manat ödənilib.

Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyunun 29-da davam etdiriləcək.

Qeyd edək ki, prokuror A.Zeynalovun 15 il, Z.Çələbiyevin 13 il, E.İsmayılovun 13 il, M.Miradıyevin 10 il, S.Əliyevanın isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Baş Prokurorluğun mətbuat xidmətinin ötən il iyulun 25-də yaydığı məlumata görə, “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. Kooperativin təsisçisi A.Zeynalovun kooperativin direktoru E.İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti