...

Qubada 6 ay əvvəl baş vermiş uşaq ölümündə qonşu qadın ittiham olunur

Hadisə Materials 27 Noyabr 2017 14:28 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Quba rayonunda 4 yaşlı uşağın ölümündə qonşu qadın günahkar bilinib.

Bu barədə Trend-ə uşağın ölümündə təqsirləndirilən Lalə İsrafilovanın vəkili Əli Hüseynov məlumat verib.

Vəkil bildirib ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib:

"Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki güllər tərəfə gedərkən L.İsrafilova onun həyətdən çıxmasını istəyib. Qadın qovarkən uşaq qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Qadın uşağı şillə ilə vurub və ehtimala görə, o, yıxılaraq ölüb".

Vəkil bildirib ki, faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb: "Hadisədən 6 ay keçəndən sonra rayon porkurorluğunun baş müstəntiqi Ruslan Əhədov Lalə İsrafilovanı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edib. Müstəntiq qadına qarşı əsassız ittihamlar irəli sürüb. Əslində, Lalə İsrafilova ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirləndirilməlidir. Müstəntiq 2 uşaq anasını ağır maddə ilə ittiham edir. Müstəntiq ittiham aktında göstərib ki, guya qadın uşağı qovub, onu şillə ilə vurub, uşağın başı daşa dəyib vurub və o, ölüb".

Ə.Hüseynov bildirib ki, hazırda iş üzrə istintaq davam etsə də, müstəntiq cinayət işindəki maddəni ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif etmək istəmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti