Bakı. Trend:
DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən vətəndaş gecə saatlarında Nəsimi rayonu ərazisində tanımadığı şəxs tərəfindən zorakılıq yolu ilə pulunun alındığını bildirib.
DİN-dən Trend-ə verilən məlumata görə, dərhal 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı Bakı şəhər sakini E.Əsgərov saat 5 radələrində R.Rza küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq edərək 2100 manat pulunu və qol saatını aldığını qeyd edib.
Bakı Şəhər Baş Polis İdarəsi və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Kəlbəcər rayon sakini Camaləddin Əzizov və Yevlax rayon sakini Fərid Novruzlu olduqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Araşdırma aparılır.