Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası fasilədən sonra davam etdirilib.
Prosesdə şahid qismində ifadə verən Ruslan Əlixanov 2007-2016-cı illər arasında "General Construction" şirkətində mühasib və aparıcı mühasib vəzifəsində çalışdığını deyib:
"Sənədlərdə Camal Həsənov şirkətin rəhbər idi, amma işlərə Dünyamin Xəlilov nəzarət edirdi. Banka kreditlə bağlı sənədlərin hazırlanıb aparılmasına baxırdım. Təqsirləndirilən şəxslərin bir çoxunu tanıyıram, onlar keçmiş iş yoldaşlarım olub. Şirkətlərin ayrı-ayrı mühasibləri olub. Məndən başqa şirkətdə 5 nəfər mühasib çalışırdı. Əməkhaqqı isə 900 manat idi".
Suallara cavab verən şahid qeyd edib ki, şirkətdə işləmək üçün CV ilə müraciət edib: "Mən ora tanışlıqla gəlməmişəm. Daha əvvəl mühasib köməkçisi və kuriyer vəifəsində çalışdım".
R.Əlixanov vurğulayıb ki, şirkətdə imza hüququ olmayıb, lakin banklara kredit sənədlərini aparıb: "Həmin vaxt mərhum Ratmir Bəkirov yaşlı adam idi. Ona görə də banklara mən gedib, sənədləri təqdim edirdim. Həmin pullar da şirkətə verilirdi. Mənim banka getməyimi Dünyamin Xəlilov göstəriş vermişdi".
Daha sonra digər şahid Tahir Balaqadaşov dindirilib. Onun sözlərinə görə, 2012-ci ilə qədər Beynəlxalq Bankda çalışıb.
Şahid deyib ki, Akif Əliyevin göstərişi ilə D.Xəlilovun şirkətinə 1.5 milyon manatlıq kredit verilib: "Kreditin təyinatı yox idi. Bu barədə Akif Əliyevdən soruşanda bildirdi ki, Dünyamin Xəlilovun nəzarətində olan şirkətə ayrılan kredit Cahangir Hacıyevin tapşırığı ilədir. Mən də onun göstərişinə əməl etmişəm"
13:38
X X X
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası olub.
Trend-in məlumatına görə, prosesdə şahid qismində ifadə verən Şahin Xəlilbəyov deyib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kommunal Lahiyələndirmələr İnstitutunda smeta şöbəsinin müdiri olub: "Bizim mütəxəssislər şirkətlərin tikinti işlərinin iş həcmlərini yoxlayıb, bazar qiymətləri ilə uyğunlaşdırdılar. Həmin vaxt komissiya üzvü idim, mühəndis kimi çalışırdım, işim isə Forma 2-dən götürülən rəqəmlərlə cədvəli tərtib etmək olub. Cədvəldə göstərilən rəqəmlərin hamısı doğru idi".
Şahid "İnterqlas" şirkətində də tikinti işlərinin iş həcmlərinin yoxlanıldığını bildirib: "Bu şirkətdə bizim əməkdaşlardan ikisi yoxlama aparıb".
Məhkəmədə elan olunub ki, FHN-in əməkdaşları istintaq orqanının göstərişi əsasında D.Xəlilova məxsus şirkətlərin tikinti işlərinin iş həcmlərini yoxlayıb, bazar qiymətləri ilə uyğunlaşdırıb və daha sonra Forma-2-dən götürülən rəqəmlərlə cədvəl tərtib ediblər.
Daha sonra şahid qismində dindirilən FHN-in Kommunal Lahiyələndirmələr İnstitutunda smeta şöbəsinin baş mütəxəssisi Tünzalə Əfəndiyeva qeyd edib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona Forma-2 təqdim etdikdən sonra "Solit" şirkətində iş həcmlərini yoxlayıb: "Elə olurdu ki, yerində olanlar Forma-2-də yox idi. Biz onları da əlavə edirdik".
Şahidin sözlərinə görə, yoxlama zamanı şirkətin rəhbəri, təqsirləndirilən Natiq İmanovu ərazidə görüb: "Mənə dedi ki, tikinti onun dövründə olmayıb".
N.İmanov da şahidin dediklərini təsdiq edib: "Bəli, həmin tikinti mən şirkətə rəhbərlik etməmişdən əvvəl olub".
Şahid İlkin Cəfərov ifadə verən zaman vurğulayıb ki, FHN-nin əməkdaşı olub. O bildirib ki, şirkətlərdə Forma-2-lərə əsasən iş həcmlərini yoxlayıb.
Məhkəmədə elan olunub ki, İ.Cəfərov komissiya sədri olub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.