Bakı. Samir Əli - Trend:
Daxili İşlər Nazirinin əmrinə əsasən yol polisi respublika ərazisində "Təmiz hava" aylığı ilə bağlı maarifləndirici aksiyalar keçirir. Avqust ayının 1-dən 31-dək davam edən tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, "Təmiz hava" aylığı ilə bağlı keçirilən tədbirlər Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilib. Tədbir zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillər sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah olunub. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə xəbərdarlıq edilib.
Yol polisi əməkdaşları sürücülərə tövsiyə ediblər ki, avtomobilləri saz vəziyyətdə saxlasınlar. Bu, həm onların, həm digər hərəkət iştirakçılarının sağlamlığı, həm də ətraf mühitin qorunması üçün vacibdir.
Rayon ərazisində həmçinin yükdaşıma qaydalarını pozan maşınların sürücüləri ilə də profilaktik işlər mütəmadi olaraq aparılır. Bu sürücülərə yol polisləri tərəfindən xəbərdarlıq olub, qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanuni tədbirlər görülüb.