Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda hadisəni törədən E.Kəlbəliyev sərbəst ifadə verib.
"Həmin gün Novxanı qəsəbəsindəki "My Beach Novkani" restoranından gəlirdim.
Novxanı qəsəbəsinin ərazisində döngədə yolun kənarında bir neçə nəfər dayanmışdı. Mən döngəyə çatanda adamlardan biri qəfil yola qaçdı. Mən də məcburi olaraq həmin adamı vurmamaq üçün maşını sola çəkdim. Bir də baxdım ki, solda maşınla toqquşdum. Dedilər ki, 5 nəfər olub maşında.
Hadisədən sonra özüm də xəsarət almışam və 15 gün özümdə olmamışam. Hadisə yerində kimin rəhmətə getdiyini bilmirəm. Novxanıda restorandan gəlsəm də içkili deyildim. Ümumiyyətlə içki qəbul etmirəm" - deyə təqsirləndirilən şəxs bildirib.
Hakim bildirib ki, ittiham aktında hadisəni törədən şəxsin sərxoş olması göstərilib:
"İttihamda göstərilib ki, E.Kəlbəliyev hadisəni törədərkən sərxoş olub. Amma Kəıbəliyev ümumiyyətlə içki içmədiyini bildirir. Bu məsələ ziddiyyət yaradır. Bütün sübutlara müşavirə otağında qiymət veriləcək. Bunun üçün məhkəmə tibb ekspertizasından rəy təqdim edilməlidir. Amma bu günə qədər müdafiə tərəfi bu barədə heç bir rəy təqdim etməyib".
Vəkil Əli Hüseynov isə qeyd edib ki, təqsirləndirilən şəxs hadisəni törədənlər sonra həkim müayinəsindən keçirilib və bütün analizlər götürülüb.
Hakim bildirib ki, növbəti prosesdə həmin həkim rəyi məhkəməyə təqdim olunmalıdır.
Proses dekabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.