...

Bakıda əcnəbi qadını qətlə yetirən şəxs 18 il azadlıqdan məhrum edildi

Hadisə Materials 31 Mart 2022 17:07 (UTC +04:00)
Bakıda əcnəbi qadını qətlə yetirən şəxs 18 il azadlıqdan məhrum edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində əcnəbi qadını qətlə yetirməkdə təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə zərərçəkmiş şəxsin vəkili təqsirləndirilən şəxs Elçin Ələkbərovun cinayəti bilərəkdən və qəsdən törətdiyini bildirib və ona ən ağır cəzanın verilməsini istəyib.

Təqsirləndirilən şəxs E.Ələkbərov isə vəkilə etiraz edib. O bildirib ki, hadisəni törətməsindən peşmandır və o, bu hadisəni törətməyə vadar olub.

Təqsirləndirilən şəxsin vəkili isə cinayət işinin təzələnməsini istəyib və bu barədə məhkəməyə vəsatət təqdim edib.

Məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Elçin Ələkbərov 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Özbəkistan Respublikası vətəndaşı Nailə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti