Bakı. Trend:
Dekabr ayının 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşmişdir.
DSX-dən Trend-ə bildirilib ki, hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək, dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılmışdır. Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamışdır.
İlkin rəyə əsasən hərbi qulluqçunun ürəktutmasından vəfat etdiyi ehtimal olunur. Hazırda əsgər Miran Ələkbərlinin ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilmişdir.
Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.