Bakı. Trend:
30.11.2024-cü il tarixində saat 10:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona sol mil-bilək nahiyəsinin, sol saidin aşağı nahiyəsinin travması diaqnozu təyin edilib.
"Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir",- qurumdan əlavə edilib.
Eyni zamanda DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə bildirilib ki, noyabrın 30-da saat 10 radələrində Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Qeyd edilib ki, hadisə zamanı "Scania" markalı sərnişin avtobusu ilə "Howo" markalı yük avtomobili toqquşub.
"İlkin məlumata görə avtobusda olan 1 nəfər sərnişin xəsarət alıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir",- deyə əlavə edilib.
Qeyd edək ki, Naxçıvandan Bakıya gedən avtobus Biləsuvar rayonu ərazisində betonqarşdıran "Kamaz"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.