Bakı. Trend:
TƏBİB Sabirabadda bayram günlərində iki döl və bir körpənin tələf olması ilə bağlı məlumat yayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə 23.03.2025-ci il tarixində saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub:
"Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub.
1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə 24.03.2025-ci il tarixində saat 01:50 radələrində uşaqlıqda 2 dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib, vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs isə hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub".
Qeyd edilib ki, hər üç zahının müalicələri tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.