Bakı. Trend:
DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, xidməti ərazi olan qoruq və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.
Trend xəbər verir ki, bu barədə DİN Su Nəqliyyatında Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən növbəti
tədbir zamanı Xəzər dənizində yerləşən strateji məkanların
yaxınlığında qanunsuz olaraq balıq ovlayan 38 yaşlı Xanmurad
Xanalıyev saxlanılıb.
O, saxlanılan zaman xüsusi “Yamaha-40”mühərriki ilə təchiz edilmiş
katerlə ərazidən yayınmaq istəsə də, polis əməkdaşlarının çevikliyi
nəticəsində həmin şəxsi dayandırmaq mümkün olub. Katerə baxış
zamanı sintetik tor vasitəsilə ovlanmış 59 ədəd müxtəlif növ balıq
və istifadəsi qadağan edilən balıqovlama vasitələri götürülüb.
Su polislərinin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə Abşeron rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan 51 yaşlı Vüsal Nəcəfquluzadə və həmyaşıdı Tərlan Səttarov da müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların balıqovlama biletlərinin olmadığı müəyyən edilib. Baxış zamanı həmin şəxslərdən 93 ədəd balıq, istifadəsi qadağan edilən sintetik tor və digər ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən artıq bitib. Dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində balıq ovu ilə məşğul olmaq istəyənlərin nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.
Həmçinin, Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri oğurlayan şəxslərə qarşı da mübarizə davam etdirilir.
Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin
edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları
ilə birgə mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi
nəzərdə tutulur.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir
qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis
İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək
məlumat vermələri xahiş olunur.