...

Basman bazarının dam örtüyünün uçması nəticəsində 43 azərbaycanlı həlak olub

Hadisə Materials 25 Fevral 2006 14:52 (UTC +04:00)

Basman bazarının dam örtüyünün uçması nəticəsində 43 azərbaycanlı həlak olub. Trend Lider telekanalına istinadən yaydığı məlumata görə, bu barədə Moskvanın meri Yuri Lujkov Azərbaycan hökumətinin nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

Y.Lujkov Azərbaycan tərəfinə başsağlığı verib və bildirib: "Bu bizim ümumi faciəmizdir".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Y.Lujkova bazarının dam örtüyünün uçduğu andan görülən işlərə və göstərilən yardıma görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə səhiyyə naziri Oqtay Şirəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 24-dən Moskvadadır. Onlar Rusiya paytaxtına Basman bazarının damının uçulması nəticəsində həlak olanlar və yaralılar arasında azərbaycanlıların olması ilə əlaqədar gediblər. Hökumət üzvlərinə həlak olanların və yaralıların vəziyyəti ilə tanış olmaq və təcili tədbirlər görmək tapşırılıb. "Azal" Dövlət Konserninə həlak olanların meyidlərinin zəruri dini ayinlərin yerinə yetirilməsi məqsədilə Bakıya çatdırılması üçün tədbirlərin görülməsi çatdırılıb. Azərbaycan hökuməti həlak olanların dəfni ilə əlaqədar bütün xərcləri öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti