...

Donetsk yaxınlığında qəzaya uğramış Rusiyanın TU-154 təyyarəsində terror aktının olma versiyası istisna edilir

Hadisə Materials 22 Avqust 2006 20:10 (UTC +04:00)

Donetsk yaxınlığında qəzaya uğramış Rusiyanın TU-154 təyyarəsində terror aktının olma versiyası istisna edilir. Trend xəbər verir ki, bu barədə RF FHN-in mətbuat xidmətinin rəisi İrina Andrianova bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi hesab edir ki, təyyarə ildırım sahəsinə düşüb. Andrianova əlavə edib ki, təyyarənin düşdüyü yerdə dağıntı yoxdur, çünki həmin yer yaşayış evlərindən kənardadır. "Təyyarənin düşdüyü yerdə Ukraynanın 260 xilasedici və yanğınsöndürəni işləyir", - deyə FHN-in nümayəndəsi bildirib.

Andrianova həmçinin qeyd edib ki, Moskva vaxtı ilə saat 19.00-da Ramenskoye aerodromundan 32 xilasedicinin olduğu FHN-in təyyarəsi hadisə yerinə yola düşüb. O bildirib ki, qəzaya uğramış təyyarənin sərnişinlərinin siyahısı yaxın vaxtda RF FHN-in saytında yerləşdiriləcək.

Ukrayna FHN-dən bildiriblər ki, təyyarənin düşdüyü yerdə yanğın baş verməsi qurbanlarının dəqiq sayını müəyyən etməyə mane olur. Bundan əlavə, RF-nin Xarkovdakı baş konsulluğunun əməkdaşları hadisə yerinə yola düşüblər. RF-nin Xarkovdakı baş konsulu Andrey Yakovlevin sözlərinə görə, RF-nin Kiyevdəki səfirliyində və Xarkovdakı konsulluğunda qəza ilə əlaqədar koordinasiya qərargahları yaradılıb. Bundan başqa, yaxın vaxtlarda səfirlikdə "qaynar telefon xətti" təşkil ediləcək və bu xətt vasitəsilə qəza haqqında məlumat almaq mümkün olacaq.

Təyyarənin məxsus olduğu "Pulkovo hava yolları" aviaşirkətinin nümayəndəsi bəyan edib ki, onun məlumatlarına görə, təyyarədə 12 yaşa qədər 39 və iki yaşa qədər 6 uşaq olub.

Xəbər lenti

Xəbər lenti