Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Çərşənbə günü axşam Cenevrədə "Sotheby's" hərracında çəkisi 59,60 karat olan çəhrayı brilyant 68 milyon İsveçrə frankına (74,1 milyon ABŞ dolları) satılıb. O, hərraca çıxarılan ən bahalı qiymətli daş olub. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyi cümə axşamı xəbər yayıb.
Alıcı mükafatlarını nəzərə alaraq daşın satış qiyməti 83,18 milyon dollar təşkil edib, hərracın özü isə cəmi beş dəqiqə çəkib. Qiymətli daşın yeni sahibi zalda olsa da, onun adı açıqlanmayıb.
Mütəxəssislərin fikrincə, daş daxilən qüsursuz, Pa tipli (çox nadir, azot atomlarının ya praktiki olaraq, ya da tamamilə olmadığı ən "təmiz" brilyantlar) tünd çəhrayı brilyantdır.
Brilyantın əldə olunduğu 132,5 karatlıq almaz 1999-cu ildə Afrikada "De Beers" şirkəti tərəfindən tapılıb. "Steinmetz Diamonds" şirkəti daşın cilalanmasına iki il vaxt sərf edib. "Çəhrayı ulduz" adını almış brilyant 2003-cü ildə ABŞ-da planetin yeddi ən nadir brilyantının sərgiləndiyi ekspozisiyaya çıxarılıb. 2007-ci ildə daş naməlum alıcıya satılıb.