...

Azərbaycanlı iş adamı təyyarəsiz dünya səyahətinə bu ölkədən başladı (FOTO)

Maraqlı Materials 12 Fevral 2020 19:26 (UTC +04:00)
Azərbaycanlı iş adamı və səyyah Fərid Novruzi 180 gün davam edəcək və təyyarə uçuşları olmadan həyata keçiriləcək dünya səyahətinə yollanıb.
Azərbaycanlı iş adamı təyyarəsiz dünya səyahətinə bu ölkədən başladı (FOTO)

Bakı. Trend:

30 yanvar tarixində azərbaycanlı iş adamı və səyyah Fərid Novruzi 180 gün davam edəcək və təyyarə uçuşları olmadan həyata keçiriləcək dünya səyahətinə yollanıb.

Trend-in məlumatına görə, dünya səyahətinə çıxmış ilk azərbaycanlı olan Fərid Novruzi səyahətinə Kolumbiyadan başlamışdır – 180 günlük dünya turu məhz Boqota şəhərindən start götürmüş və burada başa çatacağı nəzərdə tutulur. Səyahətinin başlanğıc nöqtəsi kimi səyyahın məhz Kolumbiyanı seçilməsi təsadüfi deyildir. Bu ölkə dünyaya Amerikanı bəxş etmiş məşhur səyyah-dənizçi Xrostofor Kolumbun şərəfinə adlandırılmışdır.

Səyahətinə bir həftədən bir az artıq müddətdə başlamasına baxmayaraq, Fərid Novruzi artıq 2 ölkəyə səfər etmişdir – Kolumbiya, burada səyyah Boqota, Kali və İpiales şəhərlərində olmuş və Ekvador, burada isə azərbaycanlı səyyah yolunu Otovalo, Kito, Banyos və Quayakil şəhərlərindən salmışdır. Səyyah bu yerlər haqqında şəkillər və ətraflı məlumatları Instagram şəbəkəsindəki @novruzi hesabından bölüşmüşdür.

F.Novruzinin sözlərinə əsasən, Boqota ilə tanışlığa demək olar ki, pasport qeydiyyat məntəqəsini keçdikdən dərhal sonra zirvəsinə funikolyarla qalxdığı və şəhərə əsrarəngiz mənzərənin açıldığı Monserrat dağından başlamışdır. Boqota haqqında qeydində səyyah bir sıra maraqlı faktlardan söhbət açmışdır. Məsələn, şayiələrə əsasən, Kolumbiyanın paytaxtını əsasını qoymuş konkistador Himenes de Kesada, Migel de Servantesin məşhur qəhrəmanı Don Kixotun prototipi olmuşdur. Bu tip məlumatlar F.Novruzinin postlarını daha da maraqlı edir.

Kali Boqotadan 465 km məsafədə yerləşir: “Bakıdan Qazağa qədər olan eyni məsafəni 5 saata getmək mümkündür. Ancaq mən yük maşınları ilə dolu olan ensiz dağ yolları səbəbindən 11 saat yolda oldum...”

Dünya səyahətinin növbəti dayanacağı Ekvadorla həmsərhəd İpiales şəhəri olmuşdur: “bu yer dəniz səviyyəsindən 2950 m hündürlükdə yerləşir, müqayisə üçün bildirim ki, bizim Xınalıq kəndi 2100 m yüksəklikdədir. Burada Kolumbiyanın 7 möcüzəsindən biri hesab olunan, mütləq gəlib görməli olduğunuz maraqlı bir abidə - Las Laxas kilsəsi yerləşir...”

Səyyah bildirir ki “Facebook” sosial şəbəkəsində tanış olduğu bir ailə - Qalinə və Edqar cütlüyü təmamilə təmənnasız olaraq, Otovalo şəhərindən başlayan Ekvador səyahətində ona bələdçilik etməyə razılaşmışlar.

Məhz Ekvadorda F.Novruzi dünya səyahəti çərçivəsində ilk zirvəni fəth etmişdir – bu, zirvəsinə qalxmağa 4 saat vaxt sərf olunmuş İmbabura (4570m) dağıdır.

F.Novruzi Otavalodan Ekvadorun paytaxtı Kitoya yola düşmüşdür. Səyyahın sözlərinə əsasən şəhərin adı “dünyanın mərkəzi” olaraq tərcümə olunur, eyni zamanda, Ekvator xətti şəhərindən mərkəzindən keçir. Şəhərə çatan kimi F.Novruzi dərhal mərkəzi Xalid ibn əl-Valid məscidinə yollanmış, öz müşayiətçiləri Qalina və Edqarın da içəri daxil olması üçün icazə istədikdə isə cavabında “Bizim qapılarımız hər kəsə açıqdır” eşitmişdir.

F.Novruzi bloqunda Ekvadorun ən hündür və fəaliyyətdə olan vulkanı Kotopaxini də qeyd etmişdir. Bu vulkan eyni zamanda, dünyanın ən hündür və fəaliyyətdə olan vulkanları siyasınıa daxildir. Lakin səyyah ayağından zədə aldığından bu zirvəyə qalxa bilməmişdir.

Növbəti, Banyos şəhərini səyyah “Ekvadorun İsveçrəsi” adlandırmışdır və bu şəhər həqiqətən də, Ekvadorun “turistik Məkkəsi” hesab olunur. Burada F.Novruzi “Pailon Del Diablo” (“Şeytanın qazanı”) şəlaləsindən xoş təəssüratlar əldə edərək Ekvadorun iqtisadi paytaxtı Quayakilə yollanmışdır.

Fərid Novruzinin səyahəti davam edir!

Mövcud beynəlxalq qaydalara əsasən heç bir təyyarə uçuşu olmadan bütün meridianlardan keçməklə, minimum 40 000 km məsafənin qət olunduğu səfər dünya səyahəti hesab olunur. Şərtlərdən biri mütləq qaydada səfər müddətində dünyanın iki antonoqonist nöqtəsində olmaq və ekvatoru minimum iki dəfə keçmək, eləcə də 1000 km-ə qədər məsafənin avtobus, qatar, avtomobillə, piyada qət edilməsidir. Dünya səyahəti çərçivəsində səyyah dünyanın 6 guşəsinə səfər edəcəkdir – Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika və Avstraliya.

Bir daha xüsusi vurğulamaq istərdik ki, Fərid Novruzi belə bir səyahəti həyata keçirmiş ilk azərbaycanlı olacaqdır. Əminik ki, bu ecazkar nümunədən bəhrələnən bir çox insanlar onun kimi öz arzusunun arxasıyca gedərək yeni ölkələr və onların zəngin mədəniyyəti ilə tanışlığa yollanacaqdır.

Dünya səyahətinin əsas tərəfdaşları olaraq, “MyBrands.az”, “Pasha Bank”, “Azercell”, “Mercedes Benz”, digər tərəfdaşlar qismində “Triponline” və “Az Insurance” çıxış edir. Layihə “Vizam.az” şirkətinin və Azərbaycan diasporunun dəstəyi ilə həyata keçirilir.

Məlumat dəstəyi “Day.az”, “Trend.az” və “Milli.az” tərəfindən təqdim olunur.

Əgər həyatınızı maraqlı səyahətlər və yeniliklər olmadan təsəvvür edə bilmirsinizsə, Fərid Novruzinin daimi olaraq səfərləri haqqında rəngarəng şəkillər və təəssüratlarını bölüşdüyü “Instagram” vəFacebook sosial şəbəkələrindəki hesablarına abunə olaraq, onunla birlikdə onlayn səyahət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti