...

Nümayəndə heyətinin rəhbəri: "İlk dəfə olaraq beynəlxalq təşkilatın nümayəndəsi tərəfindən Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verildi"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2007 19:44 (UTC +04:00)

Almaniya, Berlin / Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ İlk dəfə olaraq, beynəlxalq təşkilatın nümayəndəsi tərəfindən Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verilib. "Avropa Şurası Venesiya Komissiyası katibinin müavini Tomas Marker bildirib ki, millətin özünün müqəddəratını təyin etmə prinsipi və dövlətlərin ərazi bütövlüyü prinsipi bir-biri ilə ziddiyyət təşkil etmir. Biz bunu dəfələrlə demişik. Ancaq ilk dəfədir ki, beynəlxalq təşkilatın nümayəndəsi bunu deyir", -deyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi və Almaniyanın Beynəlxalq və Təhlükəsizlik məsələləri İnstitutunun təşkilatçılığı ilə, bazar ertəsi Berlində dondurulmuş münaqişələrin həllinə həsr olunmuş konfransdan sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Trend ə açıqlamasında bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir. AŞPA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinə dair Qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub. AŞPA Qətnamənin icrasına nəzarət etmək üçün, Böyük Britaniyalı deputat lord Rassel Constonun rəhbərliyi altında, Alt Komitə yaradıb.

Seyidov qeyd edib ki, Avropa Şurası Venesiya Komissiyası nümayəndəsinin ikinci əsas fikri ondan ibarət olub ki, millətlərin öz müqəddəratını təyin etmə prinsipi əraziyə aid deyil, millətə aiddir.

"Bundan başqa, Venesiya Komissiyasının nümayəndəsi qeyd etdi ki, millətlərin öz müqəddəratını təyin etməyinin ən yaxşı vasitəsi Avropada dövlətlər içərisində mədəniyyətin, dilin, insan haqlarının, demokratiyanın inkişafını, Avropaya inteqrasiya sahəsində gedən prosesleri təmin etməyi nəzərdə tutur. Bu, neçə illərdir ki, eşitmək istədiyimiz fikirlərdir. Bu gün həmin fikirlər beynəlxalq təşkilatlarda səslənməyə başlayıb", -deyə nümayəndə heyətinin rəhbəri əlavə edib.

Onun sözlərinə görə, müzakirələr zamanı Dağlıq Qarabağın erməni icmasının danışıqlar prosesinə qatılması haqqında fikirlər səsləndirilib. Seyidov qeyd edib ki, Azərbaycan bunun əleyhinə deyil: "Mən bildirdim ki, Ermənistan geri çəkilsin, işğal etdiyi ərazilərdən öz qoşunlarını çıxarsın və biz ermənilərlə öz vətəndaşlarımız kimi söhbət edək. Amma Dağlıq Qarabağ erməniləri Azərbaycanı tanımaq istəmirlər. Bu gün onlar döyüş xəttini yüngülləşdirmək fikrində deyillər".

Xəbər lenti

Xəbər lenti