...

Azərbaycan Parlamenti Minsk qrupu həmsədrlərinin fəaliyyətini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Aprel 2008 14:13 (UTC +04:00)
Azərbaycan Parlamenti Minsk qrupu həmsədrlərinin fəaliyyətini müzakirə edib

Azərbaycan, Bakı, 01 aprel / Trend ", müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin deputatları BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamə layihəsi müzakirə olunan zaman sənədin əleyinə səs vermiş ölkələrə, əsasən də ATƏT-in Minsk qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransaya etiraz məktubunun göndərilməsini tələb edirlər. "Azərbaycan Parlamenti bu məsələyə münasibət bildirməlidir. Parlamentin dostluq qrupları sənədin əleyhinə səs verən və bitərəf qalan ölkələrə etiraz məktubları göndərməlidir" - deyə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.

BMT-yə üzv 39 ölkə tərəfindən dəstklənən Qətnamədə beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və dəstəkləməyə çağırış öz əksini tapıb.

ATƏT-in Minsk qrupu həmsədrləri hesab edirlər ki, Bakının təşəbbüsü ilə qəbul edilən BMT Qətnaməsi erməni-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan dinc danışıqlar üçün təhlükə törədir.

Qurbanlı hesab edir ki, BMT Baş Assambleyasında qəbul edilən son Qətnamə Azərbaycan diplomatiyasının uğurudur. Onun fikrincə, Parlament əsasən ATƏT-in Minsk qrupu həmsədri olan ölkələrə etiraz məktubu göndərməlidir.

Deputat Zahid Oruc qeyd edib ki, Azərbaycan Parlamenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini və atdıqları son addımı müzakirə etməlidir.

"Azərbaycan Parlamenti BMT Baş Assambleyasında müzakirə edilən Qətnamənin əleyhinə səs verən ölkələrə etiraz məktubu göndərməlidir. Eyni zamanda, sənədin lehinə səs verən ölkələrə də təşəkkür məktubu göndərmək lazımdır" - deyə deputat Əli Məsimli vurğulayıb.

Deputat Qudrət Həsənquliyev isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət Parlamentdə müzakirə olunmalıdır: "Prezident və hökumətin iştirakı ilə Parlamentdə müzakirə aparılmalıdır. BMT-dəki son müzakirələr onu göstərdi ki, təkcə Rusiya yox, qərb ölkələri də Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Biz xalqa açıq şəkildə deməliyik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil".

Həsənquliyev BMT-dəki müzakirələr zamanı həmin sənədin əleyhinə səs verən və bitərəf qalan ökələrə etiraz məktubunu, lehinə səs verən ölkələrə isə təşəkkür məktubunu dəstəkləyib.

Deputat Qənirə Paşayeva Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətlərinin Parlamentdə müzakirə olunmasını təklif edib: "Parlament bu məsələyə münasibət bildirməlidir".

Deputatlar İkram İsrafil, Sabir Rüstəmxanlı, Fazil Qəzənfəroğlu, Siyavuş Novruzov, Pənah Hüseyn da BMT-dəki müzakirələr zamanı Azərbaycanın əleyhinə səs verən və bitərəf qalan ökələrə etiraz məktubunun göndərilməsini dəstəkləyiblər.

Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyindən imtina etmək niyyəti yoxdur: "Minsk qrupunun fəaliyyəti ilə bağlı deyilən fikirləri dəstəkləyirəm. Amma Minsk qrupu Azərbaycanın əleyhinə səs verən üç ölkədən ibarət deyil".

Əsgərov vurğulayıb ki, Azərbaycan BMT-dəki müzakirələr zamanı Minsk qrupu ölkələrinin bitərəf qalacağını gözləyirdi, çünki problemin həlli üçün vasitəçilik edən ölkələr heç kimin tərəfini tutmamalıdır: "Məntiqlə bu belə olmalı idi. Lakin hazırda dünyada nə beynəlxalq hüquq nomaları, nə də onun məntiqi qalıb. Beynəlxalq hüquq güc hüququna çevrilib".

Xəbər lenti

Xəbər lenti