Azərbaycan, Bakı, 07 may / Trend , müxbir C.Babayeva/ ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunun Silahlanmanın aradan qaldırılması və ixtisar edilməsi üzrə ofisi ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 49,587 dollar həcmində növbəti dəfə qrant ayırıb. Bu barədə Dövlət Departamentinin rəsmi məlumatında bildirilir.
Ötən ilin may ayında ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunun Silahlanmanın aradan qaldırılması və ixtisar edilməsi üzrə ofisi Azərbaycanda mina partlamasından zərərçəkənlərlə işə yardım və yeni qurbanların sayının azaldılması üzrə profilaktik tədbirlərin həyata keçirilməsi üçün Beynəlxalq Avroasiya Mətbuat Fonduna 187,084 dollar ayırıb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatına əsasən, Azərbaycanın 400 mln. kvadratmetrdən çox ərazisi minalaşdırılıb və ya orada partlamamış hərbi sursatlar yerləşir. 2001-ci ilin sentyabrından etibarən Azərbaycanda 86 mina partlayışı nəticəsində 53 nəfər həlak olub, 122 nəfər müxtəlif xəsarətlər alıb. Bu barədə öncə ANAMA məlumat verib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1992-ci ildən Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Hərbi əməliyyatlar dövründə Ermənistan tərəfindən işğal olunmuş, daha sonra Azərbaycan ordusu tərəfindən azad olunmuş Azərbaycan rayonlarının əraziləri minalanmış olaraq qalır.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 1998-ci ilin iyul ayında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend