Azərbaycan, Bakı, 13 may / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistanın müdafiə xərclərinin artırılması Azərbaycanı narahat etmir. "Ermənistan müdafiə nazirinin ölkənin hərbi büdcəsinin artırılacağına dair bəyanatı daxili vəziyyətə hesablanan açıqlamadır" - çərşənbə axşamı Trend a Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan mayın 12-də mətbuata açıqlamasında bildirib ki, Ermənistan hərbi büdcəsini artıracaq. "Biz çalışmalıyıq ki, hərbi büdcəmizi Azərbaycanın hərbi büdcəsinə çatdıraq"- Ermənistanın müdafiə naziri əlavə edib.
2007-ci ildə Ermənistanın dövlət büdcəsindən hərbi xərclərə 95,8 milyard dram (təxminən 312 mln.dollar) ayrılmışdı. Bu da 2006-cı illə müqayisədə 22,4 faiz çoxdur.
Azərbaycanın 2008-ci il dövlət büdcəsi 10 milyard 484 milyon manatdır (12 milyard 943 mln. dollar). Dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait isə, 1 milyard 344 mln. manatdır (1 milyard 659 mln. dollar).
Sabiroğlu deyib ki, Ermənistanın iqtisadi vəziyyəti onun hərbi büdcəsinin Azərbaycanın hərbi büdcəsinə çatdırılmasına imkan verə bilməz.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]