Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir C.Babayeva/ ABŞ Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Bu barədə ABŞ-ın vitse-prezidenti Dik Çeyni Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır. Bu gün münaqişənin nizamlanması məsələsi çox mühümdür, çünki regionda stabillik və sülh Azərbaycanın təhlükəsizliyi probleminin həllindən də asılıdır", - deyə Çeyni bildirib.
Görüşdə Azərbaycan prezidenti bildirib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında mühüm rol oynayır.
"Digər münaqişələr kimi, bu münaqişə də Azərbaycanın, eləcə də region və dünyanın digər dövlətlərinin ərazi bütövlüyünə hörmətlə yanaşmaq şərti ilə beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır", - deyə o bildirib.
Ermənistan Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayonu işğal edib. İşğal 1988-ci ildə başlanıb. 1991-ci ilin dekabrınadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna olmaqla) Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəsə dair saziş əldə olunub. Tərəflər bu günədək sülh danışıqlarını davam etdirirlər.
ABŞ, Rusiya və Fransa nümayəndələrinin həmsədr olduğu ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün vasitəçi qismində çıxış edir.
Məqalə müəllifi ilə əlaqnə ünıvavnı - trend