Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir E.Tariverdiyeva /
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan iyul ayının ortalarında Rusiya Federasiyası prezidentinin mükafatı uğrunda ənənəvi at yarışları çərçivəsində Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti danışıqlar aparmaq niyyətindədirlər. Bu barədə cümə axşamı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
"Rusiya tərəflərin konstruktiv mövqeyinə ümid edir", - deyə səfir bildirib.