...

AŞ PA-nın komitə iclasında Azərbaycanın işğal olunmuş ərazilərində meşələrin məhv edilməsi müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Aprel 2010 15:37 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan təbiətinə də ciddi ziyan dəyib.
AŞ PA-nın komitə iclasında Azərbaycanın işğal olunmuş ərazilərində meşələrin məhv edilməsi müzakirə olunub

Azərbaycan, Bakı, 08 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan təbiətinə də ciddi ziyan dəyib.

"Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində meşələrin əksər hissəsi məhv edilib", - Trend-in məlumatına görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rəfael Hüseynov assambleyanın ətraf mühit, kənd təsərrüfatı və regional məsələr komitəsinin iclasında çıxışı zamanı bildirib.

Hüseynovun sözlərinə görə, toplantıda Avropanın bugünü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə edilib: "Rusiyadan olan deputat Timçenkonun hazırladığı və yaxın gələcəkdə AŞPA-nın sessiyalarından birinin gündəliyinə salınması nəzərdə tutulan "Planetimizin gələcəyi olan meşələr" mövzusunda məruzəsi ciddi narazılığa səbəb olub. Müzakirələrdə bir sıra başqa avropalı deputatlarla yanaşı, mən də çıxış edərək, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində meşələrə də ciddi zərər dəyməsi məsələsinin məruzədə əksini tapmamasını tənqid etdim; bu problemlə bağlı təfərrüatların mətnə əlavə edilməsinin zəruriliyini diqqətə çatdırdım", - millət vəkili əlavə edib.

Deputat deyib ki, indi Azərbaycanın Ermənistanın nəzarəti altında olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik daha 7 rayonunun ərazilərinin böyük hissəsi meşədən ibarət idi: "Mən bildirdim ki, bu meşənin əksər hissəsi artıq tamamilə məhv edilmişdir. Həmin meşələrdəki bir sıra ağaclar "Qırımızı kitab"a düşüb, kökü kəsilməkdə olan nadir növlər idi. Lakin işğalçılar heç bir fərq qoymadan bu meşələri ucdantutma talan edib, mebel sənayesi üçün xammal kimi qırıb- qurtarıblar", - nümayəndə heyətinin üzvü vurğulayıb.

Hüseynov qeyd edib ki, bu, təcavüzkar Ermənistan tərəfindən məqsədli şəkildə aparılan bir xətdir.

Azərbaycanlı deputat, ümumiyyətlə, təkcə Azərbaycanda deyil, Avropanın digər hərbi münaqişələr gedən ərazilərində də meşələrin taleyi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinin, bu problemin ayrıca müzakirə edilməsinin vacibliyini vurğulayıb.

Komitə Hüseynova bu barədə ayrıca sənəd hazırlamağı tövsiyə edib.

Deputat bildirib ki, AŞPA-nın aprelin sonlarında keçiriləcək yaz sessiyasında artıq bu mövzuda hazırladığı tövsiyə üçün təklifi deputatların diqqətinə çatdıracaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti